Hipofiz vəzi xəstələrinə diaqnoz necə qoyulur?

Hipofiz vəzi xəstəlikləri çox fərqli olduğu üçün diaqnozu da xəstəliklərə uyğun olaraq müxtəlif cür qoyulur. İlkin olaraq həmin xəstəlikdən şübhələnmək lazımdır. Şübhələndiyimiz xəstələrə uyğun testlər edirik. Bu testlər araşdırma məqsədilə aparılır. Tibbdə belə bir qayda var: Əgər hansısa bir hormonda çatışmazlıq varsa, stimulyasiyaedici testlər edirik, hansısa hormon artıqlığı varsa supressiyaedici yəni basqılayıcı, testlər edirik. Bu testlər nəticəsində hormonun artıqlığını və əskikliyini təsdiq edə bilirik. Müxtəlif testlərimiz var. Əgər misal üçün xəstədə Kuşinq xəstəliyi varsa, deksametazon supressiya test edirik.

Əgər bir böyümə hormon yetərsizliyi varsa, insulin hipoqlisemiya testi edirik. Yəni hormon yetərsizliyində stimulasiyaedici, hormon artıqlığında supressiyaedici testlər aparmaqla laborator müayinələrlə diaqnozu təsdiq etmiş oluruq. Daha sonra isə tomoqrafiya. Hipofiz vəzi üçün ən gözəl müayinə üsulu Maqnit Rezonans Tomoqrafiyası (MRT) hesab edilir. Maqnit Rezonans Tomoqrafiya ilə hipofiz vəzisinin vəziyyətini, orada olan düyünlərin ölçüsünü, ətraf toxumalara, xüsusən, görmə çarpazı ilə olan münasibətini, bəzən düyün içərisində olan qanamaları belə araşdırmaq mümkün olur. Bəzən sinus kataterizasiyası invaziv müayinələrə qədər gedib çıxa bilirik. Müxtəlif həkimlərin konsultasiyalarını istəyə bilirik. Xüsusən göz dibi müayinəsi və görmə sahəsinin müayinəsi oftolmoloqun konsultasiyası hipofiz xəstəliklərində, adətən, istifadə etdiyimiz müayinələrdən biridir.

Yetərsizlik varsa, fərqli testlər keçirməli oluruq. Misal üçün, şəkərsiz diabetə şübhə olan bir xəstədə diaqnozu dəqiqləşdirmək üçün mütləq susuzluq testi edirik. Yəni diaqnoz düşündüyümüz xəstəliyə uyğun olaraq dəqiqləşdirilmə aparılmalıdır, invaziv müayinələr aparıla bilər, tomoqrafiya, görüntüləmə metodları aparıla bilər. Yəni diaqnozun dəqiqləşdirilməsi, düzgün qoyulması üçün hipofiz vəzi xəstəliklərinin çeşidli müayinə üsulları vardır. Amma bütün bu müayinə üsulları təbii ki, həkim endokrinoloqun nəzarəti altında aparılmalıdır.

 

Paylaş
Həkimə ehtiyac var?