Hipofiz vəzi xəstəliklərinin yaranma səbəbləri fərqlidir. Daha çox bu adenomalarla əlaqədar hormon artıqlığına yaxud da əskikliyinə səbəb ola bilən düyünlər, törəmələrdir. Bunların yaranma səbəbi tam olaraq məlum deyil. Ehtimal olunur ki, irsi səbəblər, yəni gen mutasiyaları ilə əlaqəlidir. Səbəbini bilmədiyimiz üçün profilaktika və qarşısını almaq da əlimizdə olmur. Amma bundan başqa hipofiz vəzisinə metastatik şişlər, beyindaxili meningiomalar, hamartomalar, kraniofaringiomalar və s. kimi müxətlif onkoloji və yaxud da blastomalara, şişlərə bağlı hipofiz vəzisində olan təsir, kompressiya baxımından fəaliyyətin yetərsizliyi və travma ola bilər. Kəlləiçi və beyin travmaları da hipofiz vəzinə təsir edə bilər.
Kraniofaringiomalar daha çox uşaqlarda aktualdır. Bundan başqa iltihabi xəstəliklər, damar xəstəlikləri, anevrizmalar, sistem xəstəlikləri, meningitlər, infeksion xəstəliklər, vərəm, sifilis, qazanılmış immun çatışmazlığl sindromu bu kimi xəstəliklərdə hipofiz vəzisinin xəstəliklərinin yaranmasına səbəb ola bilər.
Beyin şişlərinin 10 faizdən artığı adenomaların payına düşür. Beyində olan adenom MEN genetik sindromunun da bir komponenti ola bilər. Bundan başqa, həkimlik praktisında hamiləlik və doğuş zamanı qan itirmələr və hemorragik şok ilə əlaqədar ortaya çıxan Şixan sindromunda hipofiz vəzisinə qansızma, hipofizin nekrozu və yetərsizliyinə də rast gəlmək olur. Səbəbləri çox müxtəlifdir. Adenomalar burada əsas səbəblərdən hesab olunur.